Lənkərandan Bakıya etap edilərkən qaçmağa müvəffəq olan iki dustaq – kriminal aləmdə“Qoca”ləqəbli ilə tanınan Etibar Məmmədov və Əli Ağaminin axtarışları davam edir.
Sosial şəbəkələrdə məhkumların müəmmalı şəkildə yoxa çıxmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bir qisim şəxslər kənardan kiminsə köməkliyi, dəstəyi olmadan dustağın qaçmasının mümkün olmadığını, qaçırıldığını iddia edirlər.Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov virtualaz.org saytına açıqlamasında sosial şəbəkələrdə yazılanları şərh etmək istəmədiyini bildirib.
“Hazırda bu işlə bağlı istintaq davam edir. Axtarış tədbirləri həyata keçirilir. Eyni zamanda iş üzrə aidiyyəti şəxslər dindirilir. Bütün bu məsələlərə istintaq aydınlıq gətirəcək”,-deyə polkovnik M.Sadıqov bildirib.
Xatırladaq ki, qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov 2015-ci ildə səs-küylü cinayətin iştirakçısı olublar.
Onlar Şirvan şəhərində 2 nəfərin ölümündən sonra həbs ediliblər. Şirvandakı kriminal “razborka” zamanı Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən ikisi bu gün qaçan məhkumlardır.
Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə və “Etibar Hacıqabulinski” adı ilə, qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Yeri gəlmişkən, məhkumların qaçması ilə bağlı Penitensiar Xidmət rəsmi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Hazırda hər iki kriminal aləm üzvü hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
Onların necə qaçdığı və ya kimlər tərəfindən qaçırıldığı araşdırılır.
10:43
Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana aparılan iki məhkum Biləcəri stansiyasında qatardan qaçıb. Qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunanaraq həbs edilən Əli Rasim oğlu Ağami ilə bağlı azvision.az yeni məlumatlar əldə edib.
Belə ki, Ə.Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərindəki kafedə iki nəfərin ölümü ilə nəticələnən silahlı insidentdə iştirak edib. 2 il öncə silahlı insidentlə əlaqədar Şirvan şəhər məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - qətli törədən Ağami Əli Rasim oğlu barədə 4 ay, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barədə isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2015-ci il noyabrın 5-də gecə saat 23.00 radələrində Şirvan şəhərində Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Kafenin otağında Elvin Nəciyev (Krıtı Elvin) "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. E.Nəciyev Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Əli Ağaminin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisindən götürülüb.
Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami həmin il Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. Məlum olub ki, cinayətdə istifadə olunan “Makarov” tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.
10:12
Bakıda qaçan məhbusların adları məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
09:45
Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
APA-nın xəbərinə görə, həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub.
Hazırda qaçan məhkumların axtarışı davam edir.