Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 25-də saat 20 radələrində Qovlar-Zəyəm avtomobil yolunun Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq azyaşlı piyadalar - 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlunu və 2007-ci il təvəllüdlü Məmmədova Əfsanə Elşən qızını vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən vəfat etmələri faktına görə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin VAZ 2107 markalı, 44-BO-067 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü, Şəmkir rayonunun, Sabirkənd kənd sakini, 1953-cü il təvəllüdlü Vəliyev Əbülfət Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.