Gözəllik salolarına bəzənmək adı ilə gələn qadın oğurluq edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda olub. Bir neçə salon rəhbərliyi polis idarəsinə məlumat verib ki, onların müştərilərinin çantalarından oğurluq olub. 22-ci polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Bu işdə şübhəli kimi Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.Məlum olub ki, Gülnarə Novruzova gözəllik salonuna bəzənmək adı ilə gəlib. O, müştərilərin və işçilərin başlarının qarşıq olduğunu görüb çantalardan oğurluq edib. Polisdən verilən məlumata görə, may ayında paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 dollar, 1000 manat olan pulqabı, habelə sənəd oğurlanıb. Araşdırma zamanı məlum olub ki, qadın eyni əməli Nərimanov rayonunda da 4 qadına qarşı törədib.
Amma bu Gülnarə Novruzovanın son əməli də olmayıb. Nəsimi rayon polis idarəsindən verilən məlumata görə, Gülnarə Novruzova keçən ay əcnəbi vətəndaşın cibindən 180 dollar, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 dollar pul oğurlayıb. Qeyd edilən faktla bağlı onun barəsində müvafiq maddələr ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən Gülnarə Novruzovanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə "102" Mərkəzinə müraciət edə bilərlər.