Bankomatdan pul çəkən qadına qarşı soyğunçuluq edən şəxs tutulub.
Xezerxeber.az bildirir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb gedərkən Səməd Vurğun küçəsində bir nəfər ona qarşı zor tətbiq edərək içində 682 manat pul və 300 manatlıq telefonu olan əl çantasını alaraq qaçmağa cəhd göstərib. Zərərçəkənin səsinə yaxınlıqda xidmət aparan Mühafizə polisi Şakir Həsənov dərhal reaksiya göstərib. Polis əməkdaşı çatanı alıb qaçan soyğunçunu təqib etməyə başlayıb.Saxlanılan Xızı rayon sakini Rzaqulu Allahquliyev ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə ictimai nəqliyyatda və vətəndaşların sıx olduğu yerlərdə cibgirlik edən əvvəllər məhkum olunmuş Astara sakini Heydər Əhmədov saxlanılıb. Onun Nəsimi rayonu ərazisində yerləşən dayanacaqlardan birində avtobus gözləyən qadının cibindən mobil telefon oğurladığı məlum olub.
Heydər Əhmədov bu ilin yanvar ayında metroda cibgirlik etdiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə o, 2 min manat cərimə edilərək aprel ayında azadlığa buraxılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.