Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və təşkilatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə şahid qismində ifadə verən Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev bildirib ki, 2015-ci il noyabrın 5-də onlara Sabunçu rayon Polis İdarəsinə getmək tapşırığı verilib. Hadisə yerində vətəndaşların səs-küy salmasını, daş atmalarını görüb.Prosesdə ifadə verən digər polis əməkdaşı Nadir Vəliyev təqsirləndirilən şəxsləri tanımadığını deyib.
Daha sonra prosesdə ifadə verən Sabunçu rayon 14-cü Polis Bölməsinin əməkdaşı Emin Babayev bildirib ki, 2015-ci il noyabrın 5-də Elçin Qasımova yaxınlaşıb bölməyə dəvət etsə də, o, bu dəvətdən imtina edib.
Təqsirləndirilən şəxs Elçin Qasımov şahidin yalan ifadə verdiyini bildirib.
Proses mayın 12-də davam edəcək.
Qeyd edək ki, "Müsəlman birliyi" adllanan təşkilatın sədri Taleh Bağırov və digər 17 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub və onların məhkəmə prosesi başa çatıb. Yanvarın 25-də məhkəmənin qərarı ilə T.Bağırov 20 il, Fuad Qəhrəmanlı 10, Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə isə hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib.
E.Qasımov və digər 11 nəfər isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.