"Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialı müdirinin qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
"Report"un Qərb bürosunun xəbərinə görə, məlum olub ki, qətlə yetirilən filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib.
Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra onun baş nahiyəsinə küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun küt alət qismində kərpicdən istifadə etdiyi ehtimal olunur) bir neçə zərbə endirib. V.Vəliyev onun öldüyünə əmin olduqdan sonra filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.
Mübahisə zamanı V.Vəliyev özü də başından xəsarət aldığından o, ilk olaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə gedərək rengen aparatında keçib, daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedib və orada yıxılaraq xəsarət aldığını bildirərək xəstəxananın Travmatologiya şöbəsində tibbi yardım alıb. Gecəni xəstəxanada keçirən V.Vəliyev oradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməyə aparılıb. Məlum olub ki, hadisə vaxtı filialda kimsə olmadığından, həmçinin binanın kənar bir yerdə yerləşməsi səbəbindən cinayət zamanı yaranmış səs-küyü eşidən olmayıb.
V.Vəliyev ilk ifadəsində yıxılaraq başından xəsarət aldığını bildirsə də, aparılan araşdırmalardan sonra həmin ifadəsinin də yalan olduğu ortaya çıxıb. Belə ki, onun mübahisə zamanı xəsarət aldığı güman edilir.
İfadəsi alınan mərhumun övladları isə analarının 2 gündür evə gəlmədiyini, qadının həmin günlərdə Gürcüstanda olduğunu düşündüklərini bildiriblər. Lakin analarına məxsus xarici pasportun evdə tapılması onları bu düşüncələrindən yayındırıb və polisə məlumat veriblər. Tovuz rayon Polis şöbəsinin əməkdaşları qapısı bağlı filialın ikinci açarının mühasibdə olduğunu müəyyən ediblər. Açar ondan alınaraq otağa giriş olunub və qadının cəsədi filialda tapılaraq ekspertizaya göndərilib. Məlumata görə, ekspertiza zamanı şübhəli şəxs qismində saxlanılan V.Vəliyev xəstəxanada müalicə olunurmuş. Polisin hadisə ilə bağlı nə bildiyi sualına isə V.Vəliyev belə cavab verib:
"Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim, onun orada olub-olmadığını yoxlamaq üçün, lakin qapı bağlı idi, dama çıxıb ordan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü, yıxılıb başımdan xəsarət aldım".
Lakin istintaq zamanı onun ifadələrində yalan olması və hadisə yerində aparılan araşdırmalar zamanı əldə edilən kifayət qədər fakt, cinayətin onun tərəfindən törədilməsi ehtimalını artırıb və o, saxlanılıb.
Saxlanılan V.Vəliyev sonradan başqa bir ifadəsində Raya Bayramova ilə aralarında mübahisənin pul üstündə düşdüyünü etiraf edib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.