Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb: “Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil”.