İkiotaqlı mənzili ipoteka yolu ilə satmaq istəyən Ülfət Məmmədov adlı şəxslə əlaqə saxlayan qadın evə baxıb, şərtlərlə razılaşıb, ilkin ödəniş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Neftçala rayon sakini Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Qaziler.az Azerbaycan24.com-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İstintaq yolu ilə müəyyən edilib ki, Ülfət Məmmədov özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhər sakini Nərgiz Ələsgərova adlı şəxslə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında görüşüb. Ona şəxsi mülkiyyəti kimi təqdim etdiyi, əslində isə kirayə yaşadığı mənzili satacağına dair yalandan vəd verib. Əvvəlcədən ilkin ödəniş kimi 10 min manat alıb, qısa müddət ərzində mənzili N.Ələsgərovanın adına keçirəcəyinə tam inandırmaqla ona qarşı dələduzluq edib.
Ən maraqlısı odur ki, Ü.Məmmədov alıcını alqı-satqı müqaviləsi imzalamaq adıyla notariusa aparıb. Amma orada mənzilin girovda olmasını əsas gətirərək, alqı-satqı müqaviləsi deyil, borc müqaviləsi bağlayacağını bildirib.
Məhkəmənin hökmü ilə Ülfət Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 20 iyun 2016-cı ildə Ü.Məmmədov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Törətdiyi cinayət əməlinə görə ona qarşı 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.