Bakının Qaradağ rayonu ərazisində altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə noyabrın 1-i saat 21:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə gələn yolun 39-cu kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan mişar daşı ilə yüklü "KamAZ" markalı maşın yoldan çıxaraq aşıb. Mişar daşları yola dağılıb. Hadisə baş verən an yolun kənarında hərəkətsiz vəziyyətdə olan və meyvə yüklü iki "Volqa" və bir "Jiquli" markalı avtomobilin sürücüləri qəzaya baxmaq üçün maşınlardan düşüb, yola çıxıblar. Bu zaman yolun qaranlıq olması səbəbindən arxadan gələn daha bir "KamAZ" və "İsuzu" markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarında dayanmış minik avtomobillərinə çırpılıblar. Nəticədə yük maşınları aşıb.
Xoşbəxtlikdən xəsarət alan yoxdur. Yola dağılmış mişar daşları sürücülərin, sərnişinlərin və ətrafdakı insanların köməkliyi ilə təmizlənib, nəticədə yaranmış qısamüddətli tıxac aradan qaldırılıb.
Qəza nəticəsində nəqliyyat vasitələri yararsız hala düşüb və evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıblar.
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirir.