Azərbaycanda terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatından Trend-ə verilən məlumata görə, məyyən olunub ki, Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edərək terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər. Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib, bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə "F-1" tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə "Steçkin" markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.