Dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılığın və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər uğurla davam etdirilməkdədir.
Qaziler.az-ın məlumatına görə, DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 11-də keçirilmiş tədbirlər nəticəsində Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İran-Azərbaycan dövlət sərhədini pozmuş Türkiyə Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılıb. Onun üzərindən 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, bir noutbuk, 3 mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki pasport və müxtəlif bank kartları aşkar olunaraq götürülüb.Araşdırmalar zamanı məlum olub ki, B.Kisalar 2012-ci ildə rəsmi qaydada Azərbaycan Respublikasına gəlib. Ölkə ərazisində yaşama qaydalarını pozduğuna görə 2016-cı il yanvarın 9-dan onun Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişinə məhdudiyyət qoyulub.
B.Kisalar bu il oktyabrın 9-da rəsmi qaydada Türkiyədən İrana gedib və bir gün sonra yerli bələdçilərin köməyi ilə İrandan Azərbaycana ötürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.