Vətəndaşlarımızın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, DİN-in rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı dəfələrlə evlərdə saxlanılan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb etmələrinə baxmayaraq, ayrı-ayrı qəsəbə sakinlərində odlu silah olması barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub.Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarzayevin evində odlu silah-sursat gizlətməsi müəyyən edilib.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ.Ağarzayevin həyətində basdırdığı "Kalaşnikov" markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikilidə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı "Kalaşnikov" markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir. Qeyd edək ki, əhalinin könüllülük prinsipi əsasında silah-sursatı təhvil verməsi üçün Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərdə könüllü olaraq polisə təqdim edilən silaha görə, vətəndaşın məsuliyyətə cəlb edilməməsi nəzərdə tutulub.