Ermənistanda daha iki nüfuzlu müxalifətçi həbs olundu

Ermənistanda daha iki nüfuzlu müxalifətçi həbs olundu backend

Ermənistanda “İrs” partiyasının nüfuzlu nümayəndələri David Sanasaryan və Ovsep Xurşudyan həbs olunub. Yerevan Ağsaqqallar Şurasının üzvü, “İrs” partiyasının mətbuat katibi David Sanasaryan haqqında iki ay müddətinə həbs qərarı verilib. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Sanasaryanın vəkili Robert Revazyan bildirib.

Vəkil vurğulayıb ki, Sanasaryan kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.

Xurşudyanın vəkili Seda Safaryan isə onun müvəkkilinə qarşı əvvəlcədən hazırlanan cinayət işi açıldığını bildirib: “Məhkəmələrdə siyasi proseslər gedir, müxalif baxışlara malik insanlar heç bir əsas olmadan həbs olunur”.

Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizik Xidməti (MTX) Yerevanda polis binasının tutulması ilə bağlı açılan cinayət işi çərçivəsində aparılan araşdırmalar zamanı 47 nəfəri saxlayıb.

Saxlanılan şəxslərdən 24-nə “Girov götürmə”, “Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması” və “Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi maddələri üzrə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, daha əvvəl Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub. Silahlı qrup həmin binanı iyulun 17-dən zəbt etmişdi.
Diaspora