Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib. APA TV-nin məlumatına görə, Tərlan Məmmədova ötən gün dəfn edilib .
Xatırladaq ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Ağalələ oğlu Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən, həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub.