Yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib.
Bu gün saat 08:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sərnişin daşınma fəaliyyəti göstərən “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus və “Shacman” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın APA-ya verdiyi məlumata görə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə baş verəndən dərhal sonra Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hadisə yerinə gəlib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə hadisə yerinə keçirilən ilk baxış zamanı “Shacman” markalı yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib. Hadisə şahidlərinin ilkin dindirilməsi zamanı məlum olub ki, qəza “Shacman” markalı yük avtomobilinin sürət həddini aşması səbəbindən baş verib. Yüksək sürətlə hərəkətdə olan yük avtomobili arxadan 171 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb. Həmin vaxt yolda hərəkətdə olan “VAZ2107” markalı minik avtomobili də aşan avtobusa çırpılıb.
Xəsarət alanların səhhəti və müalicəsi ilə yerində maraqlanmaq üçün Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi, eləcə də daşıyıcı şirkətin nümayəndələri müalicə müəssisəsində olub: “Xüsusi olaraq vurğulamaq istərdik ki, Bakı Nəqliyyat Agentliyi xəsarət alanların müalicəsini diqqət saxlayır. Hazırda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə hüquq mühafizə orqanları araşdırma aparır. Hadisənin dəqiq baş vermə səbəbi də bu araşdırmalardan sonra məlum olacaq”.