Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Mehmet Halil oğlu Sünmez barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Qədim Babayev sədrlik edib. Prosesdə Mehmet Sünmezin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Türkiyə vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb.Mehmet Sünmez yaxın günlərdə Türkiyə hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Mehmet Sünmezin Türkiyəyə ekstradisiya olunması barədə məsələyə baxılıb. Məhkəmə Mehmet Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib. M.Sünmez isə Türkiyəyə verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Azərbaycanda yaşaması barədə qərar qəbul edilməsini istəyib.
Xatırladaq ki, 2004-cü il noyabrın 24-də Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb.
Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra Meltem Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qisimində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Yılmaz Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Yılmaz Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.