Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevə müraciəti qəbul edilib

Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevə müraciəti qəbul edilib backend

Bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, iclasda qurultayın sənədləri qəbul edilib, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyən edilib. Prezident İlham Əliyev Əlaqələndirmə Şurasının rəhbəri seçilib.

Həmçinin Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. Müraciətdə qurultayın təşkilinə göstərdiyi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Müraciətdə bildirilir ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Müraciətdə Azərbaycanın regionun lider dövlətinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanla bağlı antitəbliğat kampaniyalarının qarşısının alınmasında "hücum taktikası"na keçən diaspor təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir.

Müraciətdə deyilir ki, hər il Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı kimi Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana çevrildiyini bariz şəkildə göstərir.

Qurultay nünayəndələri zərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səy və təşəbbüslərini birmənalı şəkildə dəstəklədiklərini bəyan ediblər.

Daha sonra müraciətdə qeyd olunur: "Cənab Prezident, Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, milli-mədəni irsimizin yaşadılması və təbliği, həmçinin doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik".
Diaspora