Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub

Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub backend

Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın hadisəsi baş verib.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yanğın sonradan 2008-ci ildə nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb: "İlkin ehtimala görə yanğının baş verməsinə bəzi ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş papiros kötüyünün yerə atılması səbəb olub. Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd Eldar şamı yanaraq məhv olub, 90 ədəd Eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib. Təəssüflə bildiririk ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub, magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan papiros kötüyünü yerə atır və meşə zolağının yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır”.

ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq meşəbərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır".
Diaspora