​Xalq yazıçısının nəvəsinin apellyasiya şikayəti təmin edilməyib

​Xalq yazıçısının nəvəsinin apellyasiya şikayəti təmin edilməyib backend

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehparə Mahmud qızı Cəfərzadənin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Qaziler.az bildirir ki, “Report”un məlumatına görə, Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Cəfərzadənin apellyasiya şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 2008-ci il iyunun 11-də, MMC-nin baş mühasibi Əliyar Abbasov isə iyulun 1-də həbs edilib. İstintaq dövründə dəstənin digər üzvləri - 11 nəfər barəsində həbs qərarı çıxarılıb. Həmin şəxslər minə yaxın vətəndaşa ev tikmək adı ilə aldadaraq milyonlarla manat pulu ələ keçiriblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.
2010-cu il may ayının 13-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “GEN” MMC-nin rəhbəri E.Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Ə.Abbasov, Həbib Ağayev, Asif Ələmov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, M.Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin əmlakları da müsadirə olunub. Onların arasında zaminə buraxılmış M.Cəfərzadə və daha 3 nəfər də məhkəmə zalında həbs edilib.
Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində qalan M.Cəfərzadə Xətai Rayon Məhkəməsinə ərizə göndərib. O, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmağını istəyib. Məhkəmə ərizəni təmin etməyib. M.Cəfərzadə həmin qərardan apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, M.Cəfərzadə xalq yazıçısı Əzizə Cəfərzadənin nəvəsidir.
Diaspora