Kanadada meşə yanğını: şəhər bütövlüklə məhv ola bilər

Kanadada meşə yanğını: şəhər bütövlüklə məhv ola bilər backend

88 min insanın Fort McMurray-dən təxliyə olunması ilə nəticələnən iri miqyaslı meşə yanğını Kanada şəhərinin böyük bir hissəsini məhv edə bilər, yerli rəsmilər xəbərdarlıq edib.

Alberta vilayət rəsmiləri deyir ki, 1600 strukturu cənginə alan yanğının çərşənbə günündən nəzarətdən çıxacağı gözlənilir.

Hökumət vilayətdə fövqəladə vəziyyət elan edib.

Bu təxliyyə Alberta vilayətinin tarixində ən böyük evakuasiya sayılır. Xəsarət alanlar haqqında məlumat verilmir.

Alov bazar günü şəhərin cənub-qərb hissəsini bürüyüb. Çərşənbə axşamı qəfil küləklər başlayana qədər yanğınsöndürənlər ərazidə nəzarəti əldə saxlayırdılar.

"Faciəvi yanğın"

"Pis xəbərlər zamanla yaxşıya dəyişmir", Alberta vilayətinin Fövqəladə Vəziyyət Agentliyinin icraçı direktoru, Scott Long deyib.

"Mümkündür ki, biz şəhərin böyük bir hissəsini itirək", o əlavə edib.

Yanğınsöndürmə xidmətindən deyilib ki, güclü külək və yüksək temperatur səbəbindən çərşənbə günü "ən pis gün" ola bilər.

Alberta vilayətinin Kənd Təsərrüfatı və Meşə Nazirliyi rəsmisi, Bernie Schmitte deyib ki, "faciəvi yanğın bütün mübarizə metodlarına tab gətirir."
Yanan şəhərin üzərindən uçandan sonra Alberta vilayətinin naziri Rachel Notley bildirib ki, alov Fort McMurray-dan keçməklə şimaldan şərqə doğru hərəkət edir.

O əlavə edib ki, əgər külək proqnozlaşdırıldığı istiqamətdə əsərsə alov, Thickwood və Timberlea məskənlərinə, həmçinin hava limanı ətrafına qədər gəlib çıxacaq.

Rəsmilər bəyan edir ki, alov 7500 hektar ərazini əhatə edir və onu söndürmək üçün 100 yanğınsöndürən cəlb olunub.

Fort McMurray-ə yardım etmək üçün hərbi və hava qüvvələri göndərilib, lakin onların ünvana çatması iki gün çəkə bilər.

Fort McMurray-ın yanğın departament rəisi Darby Allen deyib: "Bu, murdar, çirkin yanğındır və o heç bir bağışlanmaya layiq deyil."

Son məlumata görə, Waterways qəsəbəsində 90 faiz, Beacon Hill-də 70 faiz və Abasand-da 50 faiz ev məhv olub.

CTV-nin Beacon Hill-də olan müxbiri deyib ki, qəsəbədə demək olar ki, heç nə qalmayıb. "Burda ancaq qatı his qalıb", o deyib.

Yüksək temperatur və güclü küləyin quru hava ilə müşayiət olunması Alberta vilayətinin qonşu ərazilərində də yanğın təhlükəsi yaratması çoxlarının evini tərk etməsinə səbəb olub.


Baş nazir Justin Trudeau deyib ki, əgər ehtiyac olarsa o, hərbi hava qüvvələrini yardıma göndərə bilər.

Fort McMurray Kanadanın böyük neft ehtiyatlarına malik olan neft sənayesinin ən vacib mərkəzi sayılır və yanğından sonra zavod heyətinin böyük hissəsinin təxliyə olunması əmri verilib.

Suncor Energy bəyan edib ki, onun əsas zavodunda indiyə qədər təhlükə yox idi, amma xam məhsul istehsalı dayandırılıb.

Shell Canada açıqlayıb ki, onlar təxliyə olunan insanların üzünə öz düşərgələrinin qapısını açıb.

Canada Post isə Fort McMurray-a tədarük göndərməsini dayandırıb (BBC).
Diaspora