Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış Tofiq Yaqublu barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, proses təxirə salınıb.Növbəti prosesin nə vaxt keçiriləcəyi açıqlanmayıb.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Bu il fevralın 25-də apellyasiya şikayətləri üzrə məhkəmənin keçirlən ilkin baxış iclasında Penitensiar Xidmətin Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi məktub oxunub. Məktubda bildirilib ki, işlərin çoxluğundan məhkumları məhkəməyə gətirmək mümkün olmayıb. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.