Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, prosesdə Nazim Ağabəyovun vəkili Adil İsmayılov çıxış edib. O bildirib ki, ittiham əsassızdır və müdafiə etdiyi şəxsin günahsız olduğu məhkəmə zamanı sübuta yetirilib. Vəkil bəraət hökmünün çıxarılmasını istəyib.N. Ağabəyov son sözlə çıxış edərək bildirib ki, nə spirtli içki içir, nə siqaret çəkir: “Normal bir vətəndaşam, heç vaxt narkotik istifadə etmərəm”.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm elan olunub.
Hökmdə qeyd olunub ki, N. Ağabəyovun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi sübuta yetirilmir və buna görə onun ittiham olunduğu maddə 234.4.3-cü maddədən 234.1-ci maddəyə tövsif edilir. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi təyin olunmaqla onun cəzası şərti hesablanıb, 2 il 4 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.
N. Ağabəyov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. O, N. Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.