Osloda Norveç rəsmilərinin, tanınmış ictimai-siyasi xadimlərin, media nümayəndələrinin, ölkədə akkreditə olunmuş səfirliklərin əməkdaşlarının iştirakı ilə “Sülh üçün Dialoq” təşkilatının mükafatlandırma mərasimi keçirilib.
Qaziler.az bildirir ki, bu il təşkilatın mükafatçısı həmyerlimiz, Parapsixoloqiya Akademiyasının prezidenti, Beynəlxalq Qadınlar Şurasının sədri Nuridə Qurbanova olub.Tədbir Norveçin və Azərbaycanın himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra “Sülh elçisi” mükafatı Nuridə Qurbanovaya təqdim olunub.
Mərasimdə Norveçin keçmiş Baş naziri Kjell Magne Bondevik çıxış edərək sülh və demokratiyanın dünyaya paralel şəkildə yayılmasının önəmini qeyd edib və bununla bağlı çoxlu sayda təşkilatların fəaliyyətinin vacibliyini vurğulayıb. O, Nuridə Qurbanovaya fəaliyyətində uğurlar arzulayıb.
Tanınmış siyasətçi Amir Şeik, yazıçı və siyasətçi Eldar Qaradağlı Nuridə Qurbanovanın bir müsəlman qadını olaraq dünyada sülhün bərqərar olması naminə apardığı fəaliyyətdən danışıblar.
Nuridə Qurbanova bioenerqoinformatika elementləri ilə ənənəvi sağaltma sistemləri üzrə mütəxəssisdir. O, “Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi” müsabiqəsinin laureatı, komplementar tibb sahəsinin ən yüksək mükafatı olan "Magistr ulduzu" ali mükafatının, M.Nostradamus adına Proskopik Elmlər Akademiyasının “Elmin və təcrübənin metri” adının, beynəlxalq təşkilatların çoxsaylı mükafat, diplom və sertifikatlarının sahibidir.