Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 13-də Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar haqqında hesabatı təqdim edib.
Qaziler.az xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Qapanlı kəndində gün ərzində 2 ev və həyətyanı sahələrdə 9 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.Qazax rayonunun Əskipara kəndində 4 ferma və 10 partlayış yerinə baxış keçirilib. Baxış zamanı 1 əkin sahəsində 122 millimetrlik 30 partlamamış top mərmisi aşkar olunaraq götürülüb.
Ağdam rayonunun Əfətli kəndində 4 həyətyanı sahəyə baxış zamanı torpaq altında 3 partlamış qrad raketinin qalıqları çıxarılıb.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 12 ev və həyətyanı sahələrdə 14 partlayış yerinə baxış keçirilib. Baxış zamanı 13 partlamış və 1 partlamamış 122 millimetrlik top mərmisi aşkarlanaraq götürülüb.
Füzuli rayonunun Mizənağılı kəndində 2 ev və həyətyanı sahələrdə 2, Qazaxlar kəndində 1 ev və həyətyanı sahələrdə 1, Əhmədalılar kəndində 2 ev və həyətyanı sahələrdə 2 partlayış yerinə baxış keçirilib, 5 partlamış sursatın qəlpələri və qalıqları götürülüb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən 13-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 176 ev və həyətyanı sahəyə, 4 ferma və 1 əkin sahəsinə baxış keçirilib. Baxış zamanı 45 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.