Özgəcan Aslanın qatili Əhməd Sübhi Altındökənin həbsxanada öldürülməsi ilə bağlı yeni məqamlar ortaya çıxıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ədalət naziri Bəkir Bozdağ cinayətlə bağlı açıqlama verib.
Nazir açıqlamasında qapalı həbsxanaya silahın türmə əməkdaşlarından biri tərəfindən keçirildiyini bildirib: “Altındökən və atasını silahla vuran Gültəkin Alana həbsxanada işləyən kiminsə kömək etməsi ilə bağlı məlumatlar daxil olub. Bununla bağlı artıq Adana Prokurorluğunda cinayət işi başlanıb”.
Bəkir Bozdağ faktla bağlı biri qadın olmaqla, həbsxana çalışanlarından bir neçəsinin ifadələrinin alınması üçün prokurorluğa gətirildiyini də qeyd edib.
**
10:53
Bir neçə gün əvvəl Türkiyədəki həbsxanalardan birində törədilmiş qətllə bağlı maraqlı faktlar üzə çıxır. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərsində Özgəcan Aslanı öldürdüyü üçün həbs edilən Sübhi Altındökən cəzaçəkmə müəssisəsində güllələndikdən sonra onun qan itirməsini gözləyiblər.
Belə ki, hadisəni törədən Gültekin Alan hava almağa çıxarkən tualetə gedib tapançasını götürüb və daha sonra nəzarətçinin başına silah dirəyərək Nəcməddin Altındökən və oğlu Sübhi Altındökənin olduğu kameranın qapısını açdırıb. O, içəri daxil olaraq 13 saniyə içində hər iki şəxsi güllələyib. G.Alan daha sonra 2 saat yarıma yaxın müddətdə Özgəcanın qatillərinin qan itirməsini gözləyib. O, daha sonra girov götürdüyü nəzarətçini sərbəst buraxaraq təslim olub.
Bildirilir ki, G.Alanın həbsxanaya silah keçirməsi ilə bağlı daha bir məhkum məsuliyyətə cəlb edilib. Hazırda onun sifarişlə və ya öz istəyi ilə məlum cinayəti törədib-törətməməsi sualı üzərində iş aparılır.