Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və qaçaqmalçılığına qarşı mübarizə sahəsində bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Qaziler.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində bir gün ərzində təkcə Bakı şəhərinin 3 rayonunda müxtəlif xassəli 25 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Nizami rayon Polis İdarəsi 25-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Heydər Məmmədovdan 2 kiloqram 614 qram tiryək, 23 qram marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun paytaxtda kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 15 kiloqramdan artıq marixuana götürülüb.Narkotiklərə qarşı növbəti uğurlu əməliyyat-axtarış tədbiri Pirallahı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında Ucar rayon sakini Rəşid Şirinov rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram 70 qram marixuana və 705 qram heroin aşkar edilərək götürülüb.
Həyata keçirilən daha bir əməliyyat-axtarış tədbiri zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş paytaxt sakini Azər Heybətov şübhəli şəxs qismində Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsində saxlanılaraq idarəyə gətirilib. Onun əlindəki sellofan torbaya baxış zamanı ümumilikdə 4 kiloqram 750 qram marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.