Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Qaziler.az bildirir ki, bu barədə "Report"a F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə girov müqabilində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Vəsatət təmin edilməyib.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.