Vətəndaşların polislə hansı şəkildə əməkdaşlıq edəcəyi açıqlanıb

Vətəndaşların polislə hansı şəkildə əməkdaşlıq edəcəyi açıqlanıb backend

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil ediləcək.

Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmanda əksini tapıb.

Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər. Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş və inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər.

Polis orqanları ilə vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək, insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq, ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək, ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək, əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək və qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək formalarında əməkdaşlıq edəcəklər.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslər fəaliyyətə başlamazdan əvvəl Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada müvafiq hazırlıq keçirlər. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərin fəaliyyəti bu məqsədlər üçün Daxili İşlər Nazirliyinə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərlə onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.
Diaspora