Sakaryada yaxın zamanlarda Qarabağ parkı açılacaq və Xocalı soyqırımı abidəsi ucaldılacaq.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bununla bağlı Sakarya bələdiyyəsinin başçısı Zəki Toçoğlu, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Sakarya təmsilçisi Aliq Bağırov arasında bu gün Sakarya bələdiyyə binasında protokol imzalanıb. Rəsmi protokolun imzalanması mərasimində Q.Paşayeva Sakarya bələdiyyəsinin bu addımının nə qədər böyük önəm daşıması barədə geniş şəkildə fikirlərini bildirib. Millət vəkili bələdiyyə başçısı ilə bundan əvvəlki görüşündə Sakaryada Qarabağ parkının salınması və Xocalı soyqırımına abidə qoyulması ilə bağlı özünün və azərbaycanlı tələbələrin təmsilçilərinin təkliflə çıxış etdiyini xatırladaraq Z.Toçoğluna təklifi müsbət dəyərləndirdiyi üçün təşəkkür edib.Azərbaycanla Türkiyənin "bir millət, iki dövlət" olduğunu qeyd edən Q.Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənər. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Qədim Sakaryanı Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmış bələdiyyə, şəhər görmək istəyirik".
Sakaryanın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmış şəhər, bələdiyyə olması məsələsinə qısa zamanda baxılacağını və həllini tapacağını deyən bələdiyyə başçısı Z.Toçoğlu Azərbaycanı çox sevdiyini və Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini deyib.
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Q.Paşayeva görüşdə, həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də geniş danışıb. Millət vəkili digər bələdiyyələrin ərazilərində də Qarabağ, Xocalı, Şuşa və Azərbaycanın digər işğal altında olan bölgələrinin adlarına parkların salınmasının önəmindən danışıb.
Azərbaycana dəvəti böyük məmnuniyyətlə qəbul edərək yaxın zamanlarda Azərbaycana səfər edəcəyini bildirən Z.Toçoğlu qısa zamanda Sakaryada Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılacağını deyib.
Görüş zamanı Sakaryada təhsil alan tələbələrimizlə bağlı məsələlər də xüsusi diqqət mərkəzində olub.
Görüşün sonunda millət vəkili Q.Paşayeva Sakarya Böyükşəhər Bələdiyyə başqanı Z.Toçoğluna Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını təqdim edib.