Bakı taxıl kombinatının direktoru Qalib Bağırovun yaşadığı mənzilində qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Qaziler.az bildirir ki, APA TV-nin məlumatına görə, istintaq materiallarından məlum olub ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verən qətlin sifarişçisi qadın olub. Mahurə Heydərəli qızı Hüseynovanın mərhum 52 yaşlı Qalıb Bağırovu haradan tanıdığı açıqlanmır, amma qadının saxlanılan digər şəxslə - Ehtiram Həsənovla qeyri rəsmi-yaşadığı bəlli olub.Ehtiram Həsənov qətlə yetirdikləri şəxs barədə ilk məlumatı birgə yaşadığı qadından aldığını deyib: “İmkanlı şəxsin olduğunu birgə yaşadığım qadından öyrənmişəm. Dediyinə görə, bir ildir onu tanıyır. Qarət məqsədi ilə evinə getmişik. Bir kəlmə deyib ki, sizi tanıdım. Bəlkə də heç tanımayıb. Çünki maskada olmuşuq”.
Mahurə Hüseynova cinayəti sevgilisi Ehtiram Həsənov və keçmiş əri Mübarizə Əliyevlə birlikdə törədib. Qalib Bağırovun yaşadığı evin yerini bu iki şəxsə də qadın göstərib. Mahurə Heydərova bildirib ki, Qalib Bağırov ara-sıra gəlib bağ evində qalır. Keçmiş ərini indi birgə yaşadığı sevgilisi Ehtiram Həsənovla tanış edən qadın onun cinayətə iştiraka cəlb olunmasında vasitəçi olub. Mübariz Əliyevə qarətdə iştirak etmək təklifini Ehtiram Həsənov telefonla təklif edib. Bir iki dəfə planlaşdırdıqları bağ evinə gəlsələr də, həyətdə Qalıb Bağırovun avtomobilinin olmadığını görüb geri qayıdıblar. Yanvarın 7-də axşam saatlarında yenidən evə gələn dəstə üzvləri hasardan boylanaraq maşının orada olduğunu görüblər.
Mahurə Heydərovanın keçmiş əri Mübariz Əliyev cinayətdə Ehtiram Həsənovun təhriki ilə iştirak etdiyini deyib:“Dedi, onda gedək gecə 3-də gələrik. Dedim, tanıyar axı bizi. Ehtiram dedi ki, evdə heç kim olmur, Qalib tək qalır. Dedim birdən it-filan olar, dedi ki yoxdur. Bəlkə tapançası var, axı hökumət adamıdır. Dedi ki, narahat olma . Mənə maska, idman ayaqqabısı aldı”.
Silahlanmış maskalı şəxslər həyətdə olan ayaqyolunun içində səhərə qədər gizləniblər. Səhər evdən çıxan Qalib Bağırovun üstünə hücum çəkib yenidən onu evə salıb və pul istəyiblər.
Ehtiram Həsənov iş adamını Mübariz Əliyevin qətlə yetirdiyini deyib: “İçəri girdik, dedik ki, pul ver. Dedi, yoxumdur. Mübariz onu vurdu. Sonra kəndiri boynuna saldı. Mən də kömək elədim”.
Mübariz Əliyev isə Qalib Bağırovu özünün deyil, Ehtiram Həsənovun öldürdüyünü deyir: “Dedi ölməlidir, çünki məni tanıdı. Götürdü bıçaqla vurdu. Dedi sən başının üstündə dayan, bəlkə də özünü tülkülüyə qoya bilər. Mən üzümü çevirdim. Əlini qaldırdı, dedi ki ölüb. Həmin an dedim ki, bunu nahaq elədik. Sən axı mənə demişdin ki, bunun əl qolunu bağlayarıq”.
Qeyd edək ki, qətllə bağlı yayılan ilk məlumatda mənzildən külli miqdarda rus rublu oğurlandığı bildirilirdi. Lakin saxlanılan şəxslər qətli törədəndən sonra hadisə yerindən qaçdıqlarını, evdən pul götürmədiklərini deyiblər. Faktı Suraxanı rayon prokurorluğu araşdırır.