Prezident İlham Əliyev Dubayda “Bürc-Xəlifə” binası ilə tanış olub

Prezident İlham Əliyev Dubayda “Bürc-Xəlifə” binası ilə tanış olub backend

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidən Dubaya gəlib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, prezident İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da “Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.

Dünya memarlığının nadir incilərindən olan “Bürc-Xəlifə”nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. “Bürc-Xəlifə”nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın daxili məxsusi olaraq “Bürc-Xəlifə” üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. “Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.
Diaspora