Yardımlıda 10, Lerikdə 60 kənd işıqsız qalıb - QAR FƏLAKƏTİ

Yardımlıda 10, Lerikdə 60 kənd işıqsız qalıb - QAR FƏLAKƏTİ backend

Ötən gecədən Azərbaycanın cənub rayonlarına qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsindən APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, hazırda qarın hündürlüyü Yardımlıda 22-25 sm, Lerikdə 10-12 sm, rayonun ucqar dağlıq və dağətəyi ərazilərində 15-20 sm, Lənkəranda isə 4-5 sm təşkil edir.

Lənkəran rayonunda qar heç bir fəsad törətməyib. Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev bildirib ki, rayonun müvafiq qurumları problemlərin yaranmaması üçün lazımi qabaqlayıcı tədbirlər görüblər.



Yardımlı Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, yüksək gərginlikli elektrik hava xətlərində qəzalar baş verdiyindən, rayonun 10-a yaxın yaşayış məntəqəsinə enerji verilişi kəsilib. Masallı-Yardımlı şosesində nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem yaranmayıb. Lakin rayonun əksər yaşayış məntəqələrinə gediş-gəliş məhdudlaşıb. Problemin həlli üçün rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülməkdədir.

Lerik rayonunda da elektrik enerjisinin verilişində problemlər yaranıb. Lerik RİH-dən verilən məlumata görə, qarın ağırlığından bəzi ərazilərdə elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə rayonun 60-dək yaşayış məntəqəsi işıqsız qalıb. Burada da qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yolda hazırda yalnız yük maşınlarının hərəkəti mümkündür. 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin rəisi Elxan Əliyevin sözlərinə görə, yolun 50-ci kilometrliyində 3 dərəcəyədək şaxtanın olması səbəbindən təhlükəli vəziyyət yaranıb. Qurumun 2 ağır texnikası, o cümlədən duz və qum səpən maşınları, yola nəzarət edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsindən bildirilib ki, qarşıdakı günlərdə cənub bölgəsində küləyin və çovğunun olacağı, yolların buz bağlayacağı gözlənilir. Proqnoza görə, bölgədə kəskin hava şəraiti yanvarın 28-nə kimi davam edəcək.
Diaspora