Qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində anma mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Marneuli rayon icra hakimiyyətinin, bələdiyyəsinin rəhbərləri, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Mərkəzin rəhbəri Fazil Həsənov Sovet rejiminin Azərbaycanda törətdiyi cinayətlər barədə məlumat verib. Bildirib ki, oxşar hadisələr keçmiş sovet məkanının bir çox ölkəsində, o cümlədən Gürcüstanda da baş verib. Tbilisidə də həmin il aprelin 9-da qırğın törədilib. Amma ən çox şəhid verən ölkə Azərbaycandır. Bu qətliam bizi - Gürcüstanda yaşayan azərbaycanlıları da çox sarsıtmışdı.
Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev çıxışında bu hadisələri müstəqillik uğrunda mübarizədə qəhrəmanlıq nümunəsi göstərən şəhidlərin və sadə xalqın qazandığı uğur kimi qiymətləndirib.
Sonda 20 Yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.