Azərbaycan icmasının Əbu Dabi və Dubay şəhərlərindəki üzvlərinin, millət vəkili Məlahət İbrahimqızının və Əbu Dabidə yerləşən Sarbon Universitetinin nümayəndələrinin, eləcə də Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğunun bütün heyəti və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin heyəti və onların ailə üzvlərinin iştirakı ilə səfirliyin inzibati binasında 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
Tədbiri giriş nitqi ilə açan səfir Daşqın Şikarov Azərbaycan xalqının tarixin fərqli mərhələlərində və geosiyasi konyunktura fonunda sistematik fiziki məhvə məruz qaldığını xatırladaraq, 1905, 1918 və 1948-ci illərdən sonra 1990-cı ilin 20 yanvar tarixində xalqımıza qarşı növbəti məqsədli soyqırımın baş verdiyini qeyd edib.Səfir Qara Yanvar kimi müasir tariximizə daxil olmuş 20 Yanvar faciəsi barəsində ətraflı bəhs edərkən vətənpərvərlikdən irəli gələn addımlarına görə, mərkəzi hakimiyyət tərəfindən təqib edilməsinə baxmayaraq, ulu öndər Heydər Əliyevin böyük şücaəti nəticəsində ölkəmizin Moskvadakı Daimi nümayəndəliyinə tarixi gəlişini və Azərbaycan xalqının dönməz iradəsi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verdiyini xüsusilə qeyd edib.
Sonra D.Şikarov Yanvar hadisələri ilə yanaşı, Xocalı soyqırımı kimi müasir tariximizin digər qara səhifələrindən olan faciələrin dünya miqyasında tanıdılması naminə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına xüsusi yer ayırıb.
Yekunda səfir 20 Yanvar hadisələrinin şanlı tərəfinə toxunaraq, bu hadisələrin Vətənimizdə onilliklər boyu sistematik boğulmaya və məqsədyönlü silinməyə məruz qalmış milli azadlıq şüuruna, 70 ildən artıq davam etmiş milli-ideoloji məhrumiyyət zülmünə kütləvi “yox” deyilməsinə güclü təkan verdiyini və ümumi nəticə etibarilə Azərbaycan xalqının bu günlərdə milli mənafeyi çərçivəsində müstəqil, azad və demokratiya yolu ilə inamlı addımlarla irəliləməsinə müstəsna töhfə verdiyini vurğulayıb.
Ardınca çıxış edən baş konsul P.İsmayılzadə sözügedən faciə ilə bağlı öz xatirələrini bölüşüb, bu kədərli hadisələrin müstəqilliyimizin yolundakı əhəmiyyətindən danışıb.
Öz növbəsində, M.İbrahimqızı səfir və baş konsulun dedikləri ilə həmfikir olduğunu bildirərək, 20 Yanvar hadisələrinə dair öz xatirələrini bölüşüb.
Sonra millət vəkili çağdaş dünyada, xüsusən də postsovet ölkəsi olan Ukraynada cərəyan edən vəziyyətə müraciət edərək, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək dəqiqliklə davam etdirildiyini və bunun ölkəmizi mümkün faciələrdən qoruduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə tanış olub və Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən hazırlanmış filmi seyr ediblər.