20 Yanvar şəhidlərinin xatirəsi Moskvada da anıldı

20 Yanvar şəhidlərinin xatirəsi Moskvada da anıldı backend

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda baş vermiş faciəli hadisələrin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda baş vermiş faciəli hadisələrin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə xarici dövlətlərin səfirləri, Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki barelyefi önünə, həmçinin faciə qurbanlarının siyahısı həkk olunmuş stendin qarşısına çiçəklər düzdülər.

Anım tədbirində qonaqlara rus və ingilis dillərində məlumat verildi, 26 il əvvəl törədilmiş qanlı hadisələrin xronikası açıqlandı. Sovet imperiyası hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların və qocaların gülləbaran edilməsi, xalqın azadlıq ruhuna qarşı yönəlmiş bu təcavüz nəticəsində 147 nəfərin şəhid olduğu, 638 vətəndaşımızın yaralandığı diqqətə çatdırıldı.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verərək bildirdi ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək, faciə zamanı şəhid olanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Diplomat Bakıda sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, tankların içərisində adamlar olan avtomobilləri əzib keçməsindən, təcili yardım maşınlarının, binaların, yoldan keçənlərin gülləbaran olunmasından da söz açdı.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və bu hadisələrə ədalətli qiymətin verilməsində xüsusi rolundan da danışdı. Xatırlatdı ki, Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejiminin hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, siyasi bəyanatla çıxış etdi. Yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pislədi. Bu, Azərbaycan xalqının adından bütün dünyaya səsləndirilən bir bəyanat idi.
Diaspora