Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq

Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin cənub istiqamətində delimitasiya və demarkasiya prosesinin həyata keçiriləcəyini bildirib.

O, bunu hökumət saatı zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı sualı cavablandırarkən deyib.

Paşinyan bildirib ki, bu istiqamətlər tərəflər əvvəllər müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində irəliləyirlər.

“Ümumilikdə, xəbərlər yoxdur. Biz əvvəllər qeyd olunan, bəyan edilən və müzakirə olunan istiqamətlər üzrə irəliləyirik və əvvəl dediklərimi mərhələli şəkildə həyata keçirməliyik – xüsusilə Bişkekdəki görüşdən sonra”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, TRIPP layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinə başlanılır. Bu mərhələnin mühüm istiqamətlərindən biri kommunikasiyaların inşası üçün zəruri olan sərhədin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq.

Onun sözlərinə görə, söhbət nəqliyyat kommunikasiyaları, boru kəməri, dəmir yolu və avtomobil yolunun tikintisi üçün tələb olunan sərhəd sahəsindən gedir.

Paşinyan əlavə edib ki, Dublin görüşündə əvvəllər əldə edilmiş razılaşmalar bir daha təsdiqlənib. Bundan sonrakı iş delimitasiya komissiyalarının səlahiyyətində olacaq və onlar yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirəcəklər.

Xatırladaq ki, TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi Zəngilan rayonu ərazisindən Ermənistan vasitəsilə Naxçıvana və Türkiyəyə əlaqəni təmin edəcək nəqliyyat-kommunikasiya marşrutunu nəzərdə tutur. (trend.az)