Deputat oğlunun da iştirak etdiyi dava iştirakçılarını hansı cəza gözləyir?

Deputat oğlunun da iştirak etdiyi dava iştirakçılarını hansı cəza gözləyir? backend

Bakının Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslərdən 5-i barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. DİN-in məlumatına görə, hadisə oktyabrın 23-də saat 00:10 radələrində General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib, 43 yaşlı C.Mirağayev bıçaq xəsarətlərindən ölüb.

Bəs həmin cinayət hadisəsində iştirak edən şəxsləri hansı cəza gözləyir?

Vəkil Babək Həmidov Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı bir neçə şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi onların həmin cinayəti törətməkdə təqsirli olduğunu sübut etmir:

“Şəxsin təqsiri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilə bilər. Həmin hökm qanuni qüvvəyə minənədək şəxslər barəsində müxtəlif qətimkan tədbirləri seçilə bilər ki, bunlardan biri də həbsdir. İbtidai istintaq və ya məhkəmə istintaqı zamanı şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı və yaxud digər qətimkan tədbiri ilə əvəz edilə bilər. Yekunda baş vermiş hadisədə kimlərin cinayət təqsirinin olduğu məhkəmənin hökmü ilə müəyyənləşəcək”.

B.Həmidovun sözlərinə görə, qəsdən adamöldürmə, o cümlədən bir qrup şəxs tərəfindən və ya iştirakçılıqla qəsdən adam öldürmə maddələri üzrə cinayət işinin başlanması ağlabatandır.

“İstintaqın gedişində əlavə tövsifedici hallar müəyyən edilə və yaxud iştirakçılıq öz təsdiqini tapmaya bilər. Bu hallar məhkəmə araşdırması zamanı da müəyyən oluna bilər. İştirakçılıq təsdiqini tapmasa, şəxslərdən bəziləri azad oluna bilər. Əgər bir qrup şəxs tərəfindən qəsdən adamöldürmə faktı müəyyən edilərsə, qrupun digər üzvləri də müəyyənləşdirilərək məsuliyyətə cəlb oluna bilərlər”, – deyə o əlavə edib.

Vəkil bildirib ki, hadisədə tərəflərin bir-birinə qarşılıqlı hücumu görünür:

“Hadisənin xarakteri, digər iştirakçıların rolu, onların qəsdən adamöldürməkdə şübhəli bilinən şəxslə eyni cinayətkar niyyəti daşıyıb-daşımadıqları müəyyən edilməlidir. Yəni eyni qrupda olmaqla yanaşı, eyni cinayətkar niyyətin olub-olmaması da araşdırılmalıdır. Bütün bu hallar müəyyən edildikdən sonra şəxslər barəsində adekvat və ədalətli məhkəmə hökmü qəbul edilə bilər”.