Cəbrayılda minaya düşən sakinin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş vermiş partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 8-də saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
16:33
xxx
Oktyabrın 8-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Dağmaşanlı kəndi ərazisində sakin minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərlənmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

