Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.
Qaziler.az bildirir ki, hadisə yerindən Trend-in müxbiri xəbər verir ki, ümumilikdə 5 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Ərazidə FHN və aidiyyəti qurumlar yanğının yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirir. Nizami kəndinin girişində post qurulub.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərov bildirib ki, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.
Onun sözlərinə görə, hadisədən dərhal sonra Fövqəladə Hallar Komissiyası toplanıb və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə yaxın ərazilərdə yaşayan sakinlərin təxliyəsinə başlanılıb.
Seymur Nəzərov qeyd edib ki, sakinlər təhlükəsiz şəkildə yaxın ərazilərə köçürülüb.

