Ağdam rayonunda keçmiş təmas xəttində, açıq ərazidə başlayan yanğın davam edir.
Qaziler.az bildirir ki, üç gündür davam edən yanğın rayonun Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətində küləkli hava şəraiti səbəbindən genişlənib.
Yanğının minalanmış ərazidə davam etməsi səbəbindən partlayış səsləri eşidilir.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Bərdə, Ağcabədi və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi və tam nəzarətə götürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Hazırda Ağdamda olan Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlunun verdiyi məlumata görə, həmin ərazidə yanğın davam edir.
"Ərazi minalıdır deyə yanğınsöndürən maşınlar alovu söndürmək üçün ora girə bilmir. Amma dediyim kimi, ərazi minalıdır, yaxın düşmək olmur. Mən başa düşə bilmirəm, bizim kifayət qədər helikopterimiz, texnikamız var, niyə yanan ərazini helikopter göndərib söndürmürlər? Texnikadan istifadə olunsa bir saat ərzində alovu lokallaşdırmaq olar. Niyə bunu etmirlər, bilmirəm. Ağdam şəhərini yanan ərazinin qara tüstüsü bürüyüb, hətta ətraf rayonlara yayılıb. Hadisə təhlükəsizlik baxımından da doğru deyil. Ona görə də mən narahat oluram və narahatlığa da əsas var. Düzdür, yanan ərazidə heç nə yoxdur, ermənilərin dağıdıb xaraba qoyduğu yurd yerləridir, elə də böyük ərazi deyil. Amma gözləmək olmaz, söndürülməlidir. Yenə deyirəm, helikopterlə oradakı yanğını söndürmək olar. Mən üç gündür buradayam, bu üç gündə yanğın söndürülməyib və genişlənməkdədir. Yanğın genişlənməmiş söndürmək olardı", - Rey Kərimoğlu dedi.
QAZİLER.AZ

