Beyləqanda ağır cinayətlərlə bağlı iki iş məhkəməyə göndərilib

Beyləqanda ağır cinayətlərlə bağlı iki iş məhkəməyə göndərilib backend

Beyləqanda ağır cinayətlərlə bağlı iki iş məhkəməyə göndərilib.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai istintaq tamamlanıb.

 

Məlumata görə, iki cinayət işi üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfərin məhkəməyə verilməsi təmin edilib.

 

İstintaqla müəyyən olunub ki, Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Əhməd Məmişov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Orxan Bəyzadlını qəsdən öldürməyə iki dəfə cəhd edib. Əvvəlcə zərərçəkmişə yaşadığı evin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla hücum edilib. Bu cəhd baş tutmadıqdan sonra isə Birinci Şahsevən kəndi ərazisində yerləşən “Daşburun” dəmiryol stansiyasının yaxınlığında ona mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə cinayət əməlini başa çatdırmağa növbəti cəhd göstərilib.

 

Toplanmış sübutlar əsasında Əhməd Məmişova Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, şəxsi həyatın toxunulmazlığını pozma, xuliqanlıq və qanunsuz silah dövriyyəsi ilə bağlı, Muxamed Abdullayevə isə qəsdən adam öldürməyə cəhd, şəxsi həyatın toxunulmazlığını pozma, xuliqanlıq və qanunsuz silah dövriyyəsi maddələri ilə ittiham elan olunub.

 

Digər cinayət işi üzrə aparılmış istintaqla isə Beyləqan rayon sakini Rahil Muradovun müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsi, dövlət sərhədini dəfələrlə qanunsuz keçməsi, qanunsuz silah dövriyyəsində iştirak etməsi, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsi və zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır xəsarətlər yetirməsi müəyyən edilib.

 

İstintaq zamanı müəyyən olunub ki, Rahil Muradov digər şəxslərlə əlbir olaraq İran ərazisindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərək satış məqsədilə qanunsuz dövriyyəsini təşkil edib. O, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlayıb və daşıyıb, silah tətbiq etməklə xuliqanlıq törədib, zərərçəkmiş şəxslərə ağır bədən xəsarətləri yetirib. İstintaqla onun növbəti dəfə dövlət sərhədini qanunsuz keçərək narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməsinə dair də kifayət qədər sübutlar toplanıb.

 

Toplanmış sübutlar əsasında Rahil Muradova ağır bədən xəsarəti yetirmə, qaçaqmalçılıq, xuliqanlıq, qanunsuz silah dövriyyəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və dövlət sərhədini qanunsuz keçmə, Ceyhun Əhmədova ağır bədən xəsarəti yetirmə, xuliqanlıq və qanunsuz silah dövriyyəsi, Samir Məmmədova isə narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələri ilə ittiham elan olunub.

 

Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.