Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib

Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib backend

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən bildirilib ki, iyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə qurumun Mətbuat xidmətindən əlavə olunub.

Xatırladaq ki, dünən Gəncədə keçirilən yas mərasimində zəhərlənmə şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.