Gəncədə poliklinikada insident baş verib, vətəndaş tibb müəssisəsini yandırmağa çalışıb.
Qaziler.az “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə iyulun 7-də, saat 12:50-də Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.
İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.
Məlumata görə vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətmək istəyib.
Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən şəxsin Vətən müharibəsinin iştirakçısı, qazi olduğu bildirilir.



