İyun ayında dövlət sərhədini pozduqlarına görə 21 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
"2026-cı ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsi, qeyri-qanuni miqrasiya, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirləri davam etdirib.
Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 21 nəfər saxlanılıb. Onlardan 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı isə Nigeriya vətəndaşı olub", - deyə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, həmçinin özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.
"Bundan başqa, sərhəd rejimi qaydalarını pozduqlarına görə 25 nəfər barəsində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 330 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilmiş 825 nəfərin ölkəni tərk etməsinin, ölkəyə girişi qadağan olunmuş 32 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb",-deyə DSX-nin Mətbuat Mərkəzindən əlavə edilib.



