Azərbaycanlı milyarderlərin Moskvadakı "Sadovod" bazarı PUA ilə vuruldu - VİDEO

Azərbaycanlı milyarderlərin Moskvadakı "Sadovod" bazarı PUA ilə vuruldu - VİDEO backend

Moskvaya edilən kütləvi dron hücumu nəticəsində azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus olan Rusiyanın ən böyük topdan və pərakəndə ticarət mərkəzi "Sadovod" bazarı vurulub.

Qaziler.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə bu gün - 18 iyun 2026-cı il tarixində səhər saatlarında baş verib.

Moskva meri Sergey Sobyaninin sosial mediada yaydığı rəsmi məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ukrayna PUA-sının (dronunun) qalıqları bazarın ərazisinə düşüb və bu səbəbdən güclü yanğın başlayıb.

“Ticarət mərkəzinin ərazisinə qalıqların düşməsi nəticəsində binalardan birində kiçikmiqyaslı dağıntılar qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yoxdur. Hazırda qalıqların düşdüyü yerdə bütün operativ və fövqəladə hallar xidmətləri aktiv şəkildə işləyir", - Moskva meri yazıb.

Yanğın nəticəsində bazarın inzibati binasında dağıntılar qeydə alınıb və ərazini qara tüstü bürüyüb. Bazarda fəaliyyət tamamilə dayandırılıb.

Rəsmi dairələr hadisədə xəsarət alanların olmadığını desə də, yerli mənbələr kütləvi dron hücumu dalğasında bazar ərazisində Şəkinin Kiçik Dəhnə kəndindən olan iki azərbaycanlının xəsarət aldığını bildirir.

Hücum zamanı Moskva ətrafında 190-dan çox dronun vurulduğu, "Sadovod" ilə yanaşı yaxınlıqdakı "Belaya Daça" ticarət mərkəzində və Moskva Neft Emalı Zavodunda da yanğınlar yarandığı qeyd olunur.

Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur "Sadovod" ticarət kompleksi "Kiyevskaya ploşad" (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan - Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.

QAZİLER.AZ