Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk-na-Kubani rayonunda bəndin yarılmasından sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qaziler.az xəbər verir ki, bu barədə MAKS platformasında Vahid Növbətçi-Dispetçer Xidmətinin nümayəndələri bəyanat veriblər. Onların sözlərinə görə, Kuban çayı bəndindəki yarılma Urma kəndini təhlükə altına alıb və hazırda yerli sakinlər təxliyə olunur.
“Kuban çayının sahil bəndində yarılmanın əmələ gəlməsi barədə məlumat daxil olub. Çatın eni 25-30 metr təşkil edir. Fəaliyyətin «Fövqəladə vəziyyət» rejiminə keçirilməsi barədə qərar qəbul edilib", — deyə məlumatda bildirilir.
Artıq 17 nəfər təhlükəli zonadan çıxarılaraq otelə yerləşdiriliblər. Həmçinin müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb. Hadisə yerində 494 nəfər heyət və 25 ədəd xüsusi texnika işləyir. Vahid Növbətçi-Dispetçer Xidmətinin nümayəndələri bildiriblər ki, sahil bəndlərinin gücləndirilməsi üzrə işlər zamanı indiyə qədər təxminən 30 min qum torbası döşənib.
QAZİLER.AZ



