Sumqayıtda yataqxana binasında yanğın olub.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında qeydə alınıb.
İlkin məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Təhlükəsizlik məqsədilə 12 nəfər təxliyə edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.



