"28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb

"28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb backend

Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

Qeyd edək ki, günorta saatlarında "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb "Qara Qarayev–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq olub. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Daha əvvəl Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfərin xəstəxanaya aparıldığı, 9 sərnişinə yerində yardım edildiyi bildirilib.