Yük maşını sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Yük maşını sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var -  VİDEO - YENİLƏNİB backend

Martın 6-da saat 07:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsi səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Kliniki Tibbi Mərkəz və Respublika Neyrocərrahiyyə Xəstəxanasından Apa-ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə, 1 nəfər (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının Neyrotravma şöbəsində müalicəsi davam etdirilən pasiyentin isə vəziyyəti stabil qiymətləndirilir.

***

11.13

Yük avtomobili sərnişinin avtobusu ilə toqquşub, xəsarət alanlar var.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində Sərxan Kazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyi tələb edir.