İsrail və ABŞ-nin hərbi hava hücumları fonunda İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız məktəbində ölənlərin sayı 63 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisinin müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, 92 nəfər isə yaralanıb. Xilasetmə əməliyyatı davam etdirilir.
Onun sözlərinə görə, səhər saatlarında məktəbdə 170 şagird olub.
Nəfisi qeyd edib ki, hazırda məktəbdə şagirdlərə yardım və xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.



